Bildiyiniz kimi, iyulun 25-dən etibarən 2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsinə başlanılır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə köçürülmə üçün müraciətlər 25 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək qəbul ediləcəkdir.
Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 29 iyul saat 18:00-dək TKTA-ya müracət etmələri xahiş olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır!