17-18 may 2024-cü il tarixində TKTA-nın təşkilatçılığı ilə CEENQA Baş Assambleyası Bakı şəhərində keçirilir.
Tədbir Mərkəzi və Şərqi Avropa regionunda keyfiyyət təminatı agentlikləri arasında ali təhsil müstəvisində keyfiyyət təminatı, institusional və proqram akkreditasiyası və kvalifikasiyaların tanınması sahəsində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir. Bununla yanaşı, Baş Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar ilə bağlı müzakirələr də daxil olmaqla bir neçə mühüm mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan Baş Assambleya daha sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib.
Moderatorluğu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger tərəfindən həyata keçirilən tədbirin birinci günü beynəlxalq ekspertlərdən Hans de Wit beynəlmiləlləşmə meyllərinin akkreditasiya üçün təsirləri, Elspeth Jones sərhədlərarası akkreditasiyanın keyfiyyətinin artırılmasında rolu, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Gover ENQA-nın perspektivləri və Niderland Krallığının Vittenborq Universitetinin icraçı direktoru Maggie Feng xarici kvalifikasiyaların tanınması, tələbə və heyətin mübadiləsinin təşviqi üzrə qabaqcıl təcrübələr barədə çıxışlar edib.
Günün ikinci yarısı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olgun Çiçeyin moderatorluğu ilə Azərbaycan nümunəsində transsərhəd kvalifikasiyaların və keyfiyyət təminatının tanınması üzrə hüquqi çərçivə və təcrübələr barədə panel müzakirə təşkil olunub.
Paneldə TKTA-nın departament direktoru Aysel Kərimli, TKTA-nın idarə heyətinin üzvü, departament direktoru İlham Hümbətov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov və Azərbaycan Tibb Universitetinin prorektoru Orxan İsayev çıxış edib.
Tədbirin növbəti günü CEENQA-nın yeni strategiyasının müzakirəsi və növbəti illərə dair fəaliyyət planının təsdiq olunması gözlənilir.
Tədbir çərçivəsində qonaqların Heydər Əliyev Mərkəzi, Nobel İrsi Fondu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri ilə tanışlığı nəzərdə tutulur.