16-19 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin (QFİTT) müdiri Elmir Həsənov Türkiyə Respublikasının Peşə Kvalifikasiyası Qurumunun (Mesleki Yeterlilik Kurumu-MYK), Xarici kvalifikasiyaların tanınması şöbəsinin (XKTŞ) müdiri Elnur Xəlilov və adıçəkilən şöbənin əməkdaşı Nigar Cəniyeva Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin (MEB) Təlim və Metodologiya Şurasının (Talim ve Terbiye Kurulu) və Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) təcrübəsi ilə tanış olmaq məqsədilə həmin ölkəyə səfər ediblər.
Səfər çərçivəsində MYK-nun sədri, professor Nəcmi İlhan və həmin qurumun müxtəlif struktur bölmələrinin əməkdaşları ilə görüşlər keçirilib. Görüş zamanı QFİTT-lə bağlı tabe qurumların səlahiyyətləri və fəaliyyət istiqamətləri, qeyri-formal təhsilin Türkiyənin əmək bazarına inteqrasiyası, qiymətləndirmə və tanınma prosesləri, nəzəri və praktiki imtahanların təşkilinə dair məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər zamanı MEB Təlim və Metodologiya Şurasının xaricdə əldə edilmiş tam orta təhsil attestatlarının tanınmasından məsul Təhsil siyasəti şöbəsinin müdiri Mustafa Kılıç və tanınma şöbəsinin məsul əməkdaşı Dinçer Koçer ilə görüş keçirilib. Görüşdə sözügedən təhsil sənədlərinin tanınma proseduru, bu prosesin mərhələləri və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, eyni zamanda Türkiyənin bu sahədəki təcrübəsi yaxından öyrənilib.
Daha sonra YÖK-ün tabeliyində fəaliyyət göstərən Kvalifikasiyalarının tanınması və ekvivalentliyin müəyyən edilməsi şöbəsinin müdiri Ayşə İnan və şöbənin mütəxəssisləri ilə görüş keçirilib. Bu görüşdə xarici kvalifikasiyaların tanınması, tələb olunan sənədlər və onların həqiqiliyinin yoxlanması, ixtisas ekvivalentliyinin müəyyən edilməsi, tənzimlənən ixtisaslarla bağlı imtahanların təşkili və digər məsələlər müzakirə olunaraq, YÖK-ün təcrübəsi ilə yaxından tanışlıq fürsəti yaranıb.
Sözügedən səfər, QFİTT və xarici kvalifikasiyaların tanınması sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına və davamlı məsləhətləşmələr aparılmaqla iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə zəmin yaradıb.