Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri Bakı şəhərində yerləşən bəzi ümumtəhsil müəssisələrinin rəhbər heyəti ilə görüş keçiriblər. Görüşün keçirilməsində əsas məqsəd noyabr-dekabr aylarında keyfiyyət monitorinqinin aparılması nəzərdə tutulan məktəblərin rəhbər heyətinə monitorinq prosesinin məqsədi, metodologiyası haqqında məlumat vermək, eyni zamanda onları məktəblərdə keyfiyyət monitorinqinin çərçivə sənədi və çərçivə sənədində yer alan əsas meyarlarla tanış etməkdən ibarət olub.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İnstutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, o cümlədən Təlimə Dəstək Mərkəzinin əməkdaşları iştirak ediblər. Keyfiyyət monitorinqi çərçivə sənədi təqdim olunduqdan sonra TKTA-nın nümayəndələri görüş iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən monitorinqlər məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.