Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
Title

27-28 noyabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin əməkdaşları Vəfadar Rizvanlı və Bəyim Abdulla Avropa keyfiyyət təminatı agentliklərinin Avropa Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar sənədinə (ESG) uyğunlaşmağa dəstək (SEQA-ESG II) layihəsi çərçivəsində keçirilmiş beynəlxalq seminarda iştirak ediblər.

Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) ev sahibliyi ilə Belçikanın Brüssel şəhərində keçirilən tədbir “Maraqlı tərəflərin cəlb olunması” mövzusuna həsr edilib. Tədbirdə TKTA əməkdaşları ilə yanaşı Litva, Belçika, Ukrayna, Bosniya və Herseqovina, həmçinin Serbiyanın müvafiq keyfiyyət təminatı agentliklərindən olan nümayəndələr arasında təcrübə mübadiləsi aparılıb. Bu sahədə Litva, Belçika, Çexiya və İngiltərə təcrübələri ilə bağlı təqdimatlar dinlənilib. TKTA əməkdaşları da öz növbəsində maraqlı tərəflərin keyfiyyət təminatı prosesinə cəlb olunması üçün Agentliyin həyata keçirdiyi fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, SEQA-ESG II layihəsi, Azərbaycan, Bosniya-Herseqovina, Ukrayna və Serbiyanın keyfiyyət təminatı agentliklərinin ENQA-ya müşahidəçi üzv statusundan tam hüquqlu üzv statusuna keçmək məqsədilə 2022-ci ilin dekabr ayından etibarən 3 illik müddətində həyata keçirilir. Layihə 2025-ci il 30 noyabr tarixində başa çatdıqdan sonra, sözügedən ölkələrdə fəaliyyət göstərən keyfiyyət təminatı agentliklərinin ENQA-ya tamhüquqlu üzvlüyü dəyərləndiriləcəkdir.

Məlumat üçün bildirək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan ali təhsil müəssisələrində xarici keyfiyyət təminatı və Agentliyin daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, eləcə də TKTA-nın Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasına (ENQA) tamhüquqlu üzv olmaq istiqamətində fəaliyyətlərini icra etməyə davam edir.