Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin əməkdaşı Xanım Quliyeva Sloveniyanın Lyublyana şəhərində işgüzar səfər olub. Səfərin əsas məqsədi Sloveniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (NAKVIS/SQAA) təcrübəsi ilə tanışlıq və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Səfər çərçivəsində o, NAKVIS-in direktoru və agentliyin müxtəlif struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı hər iki keyfiyyət təminatı agentliyinin akkreditasiya qiymətləndirilməsində rolu, Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlardan (ESG) irəli gələn tələblərə uyğun fəaliyyətlərin təşkili, eləcə də Daxili keyfiyyət təminatı üzrə mövcud metodologiya və yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, NAKVIS/SQAA-nın Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvlüyü ilə bağlı son təcrübə öyrənilib və ESG standartlarına uyğunluğun təmin edilməsi üzrə həyata keçirilmiş fəaliyyətlərlə tanışlıq baş tutub. Agentliyin akkreditasiya qiymətləndirilməsi prosesində koordinatorluq edən əməkdaşlarının təcrübəsi də peşəkar inkişaf məqsədilə nəzərdən keçirilib.
Bu səfər, tərəflər arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaratmaqla yanaşı, gələcək birgə fəaliyyətlər üçün güclü zəmin hazırlayıb. Təhsildə keyfiyyət təminatı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Agentliyin davamlı inkişafına xidmət edən əsas məqsədlərindən biridir.