3-5 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Faina Qaçabəyova Slovakiya Ali Təhsil üzrə Akkreditasiya Agentliyinin (SAAHE) təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə adıçəkilən ölkəyə səfər etmişdir.
Səfər zamanı SAAHE İdarə Heyətinin sədri və xarici keyfiyyət təminatına məsul strukturların əməkdaşları ilə görüşlər keçirilmiş və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşlər zamanı, TKTA əməkdaşı və SAAHE-dən olan tərəfdaşlar arasında akkreditasiya qiymətləndirilməsində hər iki keyfiyyət təminatı agentliyinin rolu, Azərbaycan və Slovakiyanın ali təhsil müəssisələrində xarici keyfiyyət təminatı ilə əlaqədar qanunvericilik tələbləri, milli qiymətləndirmə meyarları, həmçinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlardan (ESG) irəli gələn tələblərə münasibətdə fəaliyyətlərin təşkili, daxili keyfiyyət təminatında mövcud metodologiya və yanaşmalar kimi mövzular ətrafında müzakirələr aparılmışdır.
F. Qaçabəyova, həmçinin 2024-cü ildən Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü seçilmiş SAAHE-nin ENQA-ya üzvlük təcrübəsi ilə əlaqədar icra olunmuş fəaliyyətlərlə də tanış olmuşdur.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsildə xarici keyfiyyət təminatı ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübələrindən faydalanmaq məqsədilə cari ildə bir sıra Avropa keyfiyyyət təminatı agentlikləri ilə əməkdaş mübadiləsini həyata keçirməkdədir.