Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı Rumıniya Respublikasında səfərdə olub
Title

9-13 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin əməkdaşı Nigar Əsgərova Rumıniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (ARACIS) səfəri baş tutub. Səfərin əsas məqsədi keyfiyyət təminatı istiqamətində ARACIS təcrübəsi ilə yaxından tanış olmaq, eləcə də TKTA təcrübəsini bölüşməkdən ibarət olub.
Səfər zamanı ARACIS-in prezidenti cənab Valentin Navrapesko və agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları ilə görüşlər keçirilib.
Görüşdə Agentliyin missiyası və fəaliyyəti, onun yerli ali təhsil müəssisələrinə göstərdikləri metodoloji dəstək, daxili keyfiyyət təminatı sisteminin qurulması, keyfiyyət təminatı sisteminin rəqəmsallaşdırılması, ARACIS-in xarici keyfiyyət reysterinin formalaşması, eləcə də, tələbə qiymətləndirilməsi üzrə milli reysterin fəaliyyəti haqqında təqdimatlar edilib və sual doğuran məqamlar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, 2010-cu ildən ENQA-nın üzvü olan ARACİS-in bu təşkilata son üzvlük təcrübəsi ilə bağlı keçirilən akkreditasiya prosesi, icra olunmuş fəaliyyətlər və onun nəticələri barədə müzakirələr aparılıb.
Təcrübə proqramının ikinci günündə Nigar Əsgərova TKTA, onun missiyasi və fəaliyyət istiqamətləri haqqında geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsildə xarici keyfiyyət təminatı ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübələrindən faydalanmaq məqsədilə cari ildə bir sıra Avropa keyfiyyyət təminatı agentlikləri ilə əməkdaş mübadiləsini həyata keçirməkdədir.