9-13 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin əməkdaşı Mehparə Yusifli Latviyanın Akademik İnformasiya Mərkəzi – Ali Təhsil üzrə Keyfiyyət Agentliyinin (AİKA) təcrübəsi ilə tanış olmaq məqsədilə Latviya Respublikasına səfər etmişdir.
Səfər çərçivəsində AİKA İdarə Heyətinin sədri və agentliyin müxtəlif struktur bölmələrinin əməkdaşları ilə görüşlər keçirilmiş, tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Görüşlər zamanı Akkreditasiya qiymətləndirilməsində hər iki keyfiyyət təminatı agentliklərinin rolu, avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlardan (ESG) irəli gələn tələblərə uyğun fəaliyyətlərin təşkili, daxili keyfiyyət təminatı üzrə mövcud metodologiya və yanaşmalar kimi məsələlər diqqət mərkəzində olmuşdur.
Mehparə Yusifli AİKA-nın 2024-cü ildə Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvlüyünə dair təcrübəsi ilə də tanış olmuş, ENQA-ya üzvlük prosesində icra olunan fəaliyyətlər, həmçinin ESG standartlarına uyğunluğun təmin olunması ilə bağlı müzakirələrdə iştirak etmişdir.
O, həmçinin tədqiqat sahəsinin akkreditasiyası üçün əraziyə səfərin müşahidə prosesində, Tədris Keyfiyyəti Komitəsinin (akkreditasiya üzrə qərar qəbul edən orqan) iclasında, ESG tələblərinə uyğun qiymətləndirmə prosedurlarının icrası ilə bağlı qiymətləndirmə koordinatorları ilə görüşlərdə də iştirak etmişdir.
Adıçəkilən səfər hər iki ölkənin keyfiyyət təminatı sahəsində təcrübə mübadiləsi apararaq, gələcək əməkdaşlıq üçün əsaslı zəmin hazırlamasına səbəb olmuşdur.