25 yanvar 2023-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Beynəlxalq Məşvərət Şurasının ilk iclası keçirilib. Onlayn keçirilən görüşdə Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) prezidenti Muhsin Kar, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) icraçı direktoru Vicki Stott, Niderland Krallığı və Flandriyanın Akkreditasiya Təşkilatının (NVAO) icraçı direktoru Luut Kroes, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse prezidenti Dr. Olqun Çiçək, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Yolanta Silka və Maastrixt Universitetinin professoru Wim Groot iştirak ediblər.
Görüşdə Beynəlxalq Məşvərət Şurasının üzvlərinə TKTA-nın 2022-ci ildə əldə etdiyi nailiyyətlər, birbaşa benefisiarı olduğu və qoşulduğu beynəlxalq layihələr, eləcə də 2023-cü ilin planlarına dair ətraflı məlumat verilib.
Daha sonra görüşün proqramına uyğun olaraq ali təhsil müəssisələrinə göstərilən təlim və metodoloji dəstək xidməti, proqram akkreditasiyası prosesinə beynəlxalq ekspertlərin cəlb edilməsi və may ayında təşkil ediləcək beynəlxalq forum haqqında müzakirələr aparılıb.