25 dekabr 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun media nümayəndələri ilə 2024-cü ildə görülən işlər, 2025-ci il üzrə nəzərdə tutulan fəaliyyətə dair hesabat görüşü keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı çıxış edərək, 2024-cü il ərzində ümumilikdə 11 ali təhsil müəssisəsində institusional akkreditasiyanın, 14 ibtidai sinif müəllimliyi üzrə proqram akkreditasiyasının, ikili Diplom proqramı üzrə akkreditasiya qiymətləndirilməsinin, 4 peşə təhsil müəssisəsi üzrə institusional akkreditasiyanın keçirildiyini qeyd edib. O, həmçinin cari ildə 6013 müraciət üzrə xaricdə əldə olunan kvalifikasiyanın ekspertizasının və qeyri-formal və informal təhsil sahəsində tanınmanın həyata keçirildiyini bildirib. Əlavə olaraq 4891 müraciət üzrə müsbət, 1122 müraciət üzrə mənfi rəy verildiyi qeyd edilib.
İdarə Heyətinin sədri 2025-ci ildə isə 11 ali təhsil müəssisəsinin və 4 peşə təhsili müəssisəsinin institusional akkreditasiyasının, eyni zamanda proqram akkreditasiyasının keçirilməsi, 2024-cü təqvim ili üzrə akkreditasiyadan keçməyən ATM-lərdə təkrar akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi, məktəbəqədər təhsil proqramı üzrə proqram akkreditasiya qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələri üçün pilot akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi, elektron akkreditasiya sistemi üzərindən akkreditasiya qiymətləndirilməsinin təşkil edilməsi, həmçinin 100 məktəbəqədər təhsil müəssisəsində monitorinqlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib. Bundan başqa, Tural Əhmədov növbəti təqvim ilində qeyri-formal və informal təhsilin tanınması istiqamətində 4 yeni peşə ixtisasının əlavə olunacağını da vurğulayıb.
Tədbirdə 20-dən çox media nümayəndəsi iştirak edib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.