12 mart 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “Gözəlliyə xidmət sahəsində sahibkarlara dəstək” İctimai Birliyi arasında qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması prosesinin təşkilinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyəti, qiymətləndirmə və tanınma prosesinin əmək bazarının tələbələrinə uyğun ixtisaslı kadrların hazırlanması və iqtisadiyyatın inkişafında önəmliliyi vurğulanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər müvafiq sahədə fəaliyyət göstərən şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması istiqamətində birgə tədbirlər və layihələr həyata keçirəcək. Həmçinin, Birliyə üzv olan müəssisələrdən sahə üzrə mütəxəssislər Qiymətləndirmə Komissiyasına ekspert qismində cəlb olunacaqlar.
Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahanların təşkilində dəstək göstərilməsi və dövlət – özəl tərəfdaşlığının gücləndirilməsidir.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik müxtəlif sektorlardan olan qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.