Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq mövzusunda görüş keçirilib
Title

23 dekabr 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyəti və struktur bölmə rəhbərləri ilə Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər heyəti arasında geniş tərkibli görüş keçirilib. Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri, BANM rektoru Elmar Qasımov və universitetin digər rəhbər şəxsləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Tural Əhmədov, TKTA ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin ölkəmizdə təhsil sisteminin inkişafı baxımından vacib olduğunu bildirib. O, TKTA-nın keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunlaşma istiqamətində gördüyü işlərdən danışaraq, bu prosesin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq üçün əsas amil olaraq vurğulayıb.

 

Görüş zamanı TKTA ilə BANM arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin əhəmiyyəti və keyfiyyət standartlarına uyğunlaşma meyarları müzakirə olunub. BANM rektoru Elmar Qasımov çıxışında akkreditasiya prosesinə böyük önəm verdiyini vurğulayıb və bu prosesi yalnız bir tənzimləmə mexanizmi deyil, həm də "mədəniyyət forması" kimi qiymətləndirib.

 

Eyni zamanda, Elmar Qasımov BANM-in cari ildə əldə etdiyi nailiyyətlərdən bəhs edib və növbəti il üçün prioritet hədəflərini təqdim edib. O, universitetdə əcnəbi tələbələrin sayını artırmağı əsas prioritetlərdən biri kimi göstərərək, bu istiqamətdə görülən işlər barədə məlumat verib. Rektor, beynəlxalq təhsil mühitinin inkişaf etdirilməsi və qlobal tələbə bazarına inteqrasiya olunmağı BANM-in strateji hədəflərindən biri kimi qeyd edib.

 

Bu cür görüşləri, Azərbaycanın ali təhsil sistemində beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsi və universitetlərin rəqabət qabiliyyətinin artırılması istiqamətində vacib addımlar kimi qiymətləndirmək olar.