15 dekabr 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Xarici kvalifikasiyalar, qeyri-formal və informal təhsilin tanınması” mövzusunda beynəlxalq forum təşkil olunub.
Forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin, qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə post-pandemiya dövründə bu sahədə baş verən yeniliklərin və tətbiq olunan yanaşmaların müzakirəsini təşkil etməkdir.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, və digər səlahiyyətli nümayəndələr, yerli ali təhsil müəssisələrinin rəhbərləri və digər aidiyyəti qurumlar iştirak edib. Qonaqlar arasında həmçinin, Gürcüstanın, Qazaxıstan və Almaniya Federativ Respublikalarının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya və Şimali İrlandiya Krallığnın sahə üzrə səlahiyyətli təşkilatlarının rəhbərləri və ekspertlər yer alıb.
Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və əlaqəli sahədə bugünə kimi görülmüş işlər barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb.
Proqram daha sonra elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışı ilə davam edib. Nazir müavini öz çıxışında istər xarici ali təhsil, istər qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Ardınca müvafiq olaraq Böyük Britaniya və Ş.İrlandiya Krallığı, Almaniya Federativ Respublikası və Fransa Respublikasından olan spikerlər növbə ilə çıxış edərək, əlaqəli mövzuda təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar.
Tədbirin ikinci hissəsi əsasən mövzü ətrafında geniş panel müzakirəsinin təşkilindən ibarət olub.
Sözügedən forum kvalifikasiyaların tanınması sahəsində keyfiyyətli mühitin formalaşdırılmasına öz töhfəsini verəcək, habelə ölkəmizdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsini geniş auditoriyaya çatdıracaqdır.