Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması çərçivəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin ölçülməsi məqsədilə Elektron Ərizə Sistemində növbəti təkmilləşdirməni həyata keçirib.
Belə ki, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması məqsədilə təqdim olunan sənədlərin ekspertizasının yekununda ərizəçilər tərəfindən xidmətin qiymətləndirilməsi məqsədilə Elektron Ərizə Sistemində (www.taninma.az) yeni funksiya istifadəyə verilib.
Xarici diplomlarının tanınması məqsədilə Agentliyə müraciət edən və müraciətinə dair yekun qərar qəbul edilmiş ərizəçilər kabinetdə əks olunan “Nəticəyə bax” düyməsinə sıxaraq qiymətləndirməni həyata keçirə bilərlər.
Qiymətləndirmə xidmət istifadəçilərinə əlaqəli mövzuda rəy bildirmək imkanı təqdim edir ki, bununla da ərizəçilər xidmətdən narazı olduqları təqdirdə müvafiq səbəbi seçərək əlavə məlumat bölməsində öz rəylərini qeyd edə bilərlər.
Qeyd edək ki, qiymətləndirmə nəticəsində əldə olunan məlumatların Agentliyin vətəndaşlara göstərdiyi xidmət səviyyəsinin ölçülməsində və zəruri təkmilləşdirilmələrin aparılmasında müstəsna rolu olacaqdır.