Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “TexnoLab” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək,  onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik iqtisadiyyatın müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.

 

Sözügedən fəaliyyət çərçivəsində “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması məqsədilə “TexnoLab” MMC ilə əməkdaşlıqla bağlı razılıq əldə edilmiş və müqavilə imzalanmışdır. Əməkdaşlığın əsas məqsədi müvafiq ixtisasın tanınması üzrə keçiriləcək praktiki imtahanlar üçün istehsalat sahəsinin ayrılması, eyni zamanda zəruri alət, material və avadanlıqların təmin edilməsidir.

 

Praktiki bacarıqların nümayiş olunacağı laboratoriya və istehsalat sahələrinə qoyulan tələb və standartlara uyğun gələn “Texnolab” MMC-nin texniki dəstəyi ilə Agentlik,  formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda müvafiq sənəd əldə etmələrinə və cəmiyyətin bu prosesdən daha səmərəli şəkildə faydalanmasına dəstək göstərir.

 

Qeyd edək ki, növbəti mərhələlərdə “Elektronika” və “Elektrik mühəndisliyi” sahələri  üzrə praktiki bacarıqlarının qiymətləndirməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.