17 avqust 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında görüş keçirilib.
Görüşdə “Elsevier” korporasiyasının Azərbaycan və Mərkəzi Asiya üzrə nümayəndəsi Dəmir Raxmetov və şirkətin regional meneceri Helena Paczuska, Türkiyənin “Informascope” şirkətinin icraçı direktoru Kıvanç Çınar, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Agentliyin Analitik təhlil şöbəsinin müdiri Nicat Əsədli və Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi Zülfiyyə Şəfiyeva iştirak edib.
Görüş zamanı dünyanın aparıcı elmmetrik bazalarına əlçatanlığın, elmin inkişafı və sözügedən istiqamətdə keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılmasına təsiri barədə müzakirələr aparılıb.
Görüşdən sonra “Elsevier” korporasiyasının nümayəndəsi Kiril İvanov tərəfindən iştirakçılar üçün müvafiq istiqamətdə analitik təhlilin aparılmasına imkan verən sistemdən istifadə ilə bağlı onlayn təlim keçirilib.
Qeyd edək ki, cari ilin iyun ayında TKTA və “Elsevier” korporasiyasının arasında ilk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təqdim edən müqavilə imzalanıb.