Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlatlarından biri olan "Times Higher Education" arasında onlayn görüş keçirilib.
Görüşdə "Times Higher Education" təşkilatının qlobal məsələlər üzrə baş direktoru Phil Baty və konsaltinq üzrə icraçı direktoru Elizabeth Shepherd, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Agentliyin Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi Zülfiyyə Şəfiyeva iştirak edib.
Görüş zamanı "Times Higher Education" reytinqləri, o cümlədən həyata keçirilən tədbirlər və layihələr haqqında təşkilatın nümayəndələri tərəfindən ətraflı məlumat verilib.
Ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyəti barədə müzakirələrin aparıldığı görüşdə Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının gücləndirilməsi və beynəlxalq sahədə nüfuzunun artırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin, sözügedən istiqamətdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.