Image alternative text, required
Sosial müdafiəyə ehtiyacı olan qadınların peşə ixtisası üzrə bilikləri qiymətləndirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan qadınlar 18-19 iyun 2021-ci il tarixində “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması məqsədilə test imtahanında iştirak edib.

 

Təşəbbüsün əsas məqsədi müxtəlif səbəblərdən formal təhsil ala bilməyən sosial müdafiəyə ehtiyacı olan şəxsləri qeyri-formal və ya informal təhsil yolu ilə əldə etdikləri bilik, bacarıq, təcrübə və səriştələrinin tanınması ilə məşğulluq fəaliyyətinə təşviq etmək və bununla da onların maddi cəhətdən azadlığını təmin etməkdir.

 

Təşkil olunan imtahanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq olunmuş müvafiq “Qayda”ya uyğun olaraq, əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunmuş, habelə görmə məhdudiyyətli ərizəçilər üçün müşayiətçilər təyin edilib.

 

İlkin mərhələdə yüksək nəticə göstərmiş 13 nəfər ərizəçi bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində (praktiki imtahanda) iştirak etmək hüququ əldə edib. Növbəti praktiki imtahandan uğurlu nəticə əldə edəcək ərizəçilərə  peşə ixtisası üzrə diplom və sertifikatlar təqdim olunacaqdır.