27 dekabr tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib. Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən “Aşpaz” və “Bərbər” peşə ixtisasları üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə təhsil sənədləri təqdim edilib.
Təltifetmə mərasimində Agentliyin əməkdaşları ilə yanaşı ərizəçilər və imtahan prosesinə cəlb olunan ekspertlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Agentliyin nümayəndəsi Aytən Quliyeva diplom və sertifikat sahiblərini təbrik edib. Daha sonra Agentliyin İdarə Heyətinin üzvü Nicat Əsədli çıxış edərək ərizəçiləri təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində cari il ərzində görülmüş işlər barədə danışaraq formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra qeyri-formal və informal təhsilin tanıdılması məqsədilə müraciət etmiş və uğur qazanmış şəxslərin uğur hekayəsinə dair video çarx tədbir iştirakçılarına təqdim edilib.
Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə diplom və sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.