Image alternative text, required
“Sənətin varsa, sənədin olacaq” layihəsi üzrə təltifetmə mərasimi regionlarda da davam edir
Title

17 mart 2025-ci il tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilən “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru” və “Mühafizəçi” peşə ixtisaslarının qiymətləndirilməsi imtahanında uğurlu nəticə əldə etmiş ərizəçilərin təltifetmə mərasimi təşkil edilib.

Tədbirdə TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Mansur Rəhimli, “Gələcəyə Körpü” İctimai Birliyinin sədri Anaxanım Rzazadə,  həmçinin sözügedən Peşə Təhsili Mərkəzinin direktoru Şahin Məhərrəmov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şahin Məhərrəmov müvafiq sahə üzrə peşə sənədi əldə edən müraciətçiləri təbrik edərək TKTA tərəfindən formal təhsilə çıxış imkanı məhdud olan, müxtəlif peşə sahələrində çalışan vətəndaşların bilik, bacarıq, təcrübə və səriştələrinin tanınmasının əmək bazarına müsbət təsirindən və bunun ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətindən söhbət açıb.

Mansur Rəhimli isə çıxışında Agentlik tərəfindən həyata keçirilən bu layihənin məqsədinin neft və qaz boru kəmərləri keçən bölgələrdə yaşayan əhalinin sosial müdafiəsini gücləndirmək və onların əmək bazarına inteqrasiyasını təmin etmək olduğunu bildirib.

Anaxanım Rzazadə öz növbəsində vətəndaşların əmək bazarına inteqrasiyasının sürətləndirilməsinin cəmiyyətimiz üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd edək ki, qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda" əsasında tənzimlənir və əldə edilən peşə ixtisasını təsdiq edən sənəd vətəndaşa əmək fəaliyyətinə başlamaq hüququ verir.

Məlumat üçün bildiririk ki, imtahanlar (həm nəzəri, həm də praktiki) “bp Azərbaycan”ın maliyyə dəstəyi ilə  Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib. Layihə çərçivəsində “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “Mühafizəçi” ixtisasları üzrə ümumilikdə 25 nəfər peşə ixtisasını təsdiq edən müvafiq sənəd əldə edib.