14 mart 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində peşə tanınması imtahanında məqbul nəticə göstərən namizədlərlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uğur qazanan müraciətçilərə peşə ixtisasını təsdiq edən sənədlərin təqdim edilməsi olub.
“Toyota Abşeron Servis”in mərkəzi ofisində keçirilən tədbirdə TKTA-nın qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Mansur Rəhimli və şöbə əməkdaşı, həmçinin “Toyota Abşeron Servis”in servis üzrə meneceri Tofiq Abdullayev iştirak ediblər.
Tədbiri çıxış sözü ilə açan Tofiq Abdullayev “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasına yiyələnən ustaların peşəkar inkişafının şirkətin əsas prioritetlərindən biri olduğunu qeyd edib və bu prosesin davamlı olmasını arzulayıb.
Mansur Rəhimli isə çıxışında bildirib ki, layihənin icrasında məqsəd sözügedən peşə ixtisasına malik ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Qayda” əsasında tənzimlənir və əldə olunan sənəd müraciətçiyə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Məlumat üçün bildiririk ki, “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Toyota Abşeron Servis” mərkəzində həyata keçirilən imtahanlarda ümumilikdə 12 nəfər iştirakçıdan 7 nəfəri uğurlu nəticə göstərərək peşə ixtisasını təsdiq edən müvafiq sənəd əldə edib.