Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən bp Azərbaycan şirkətinin dəstəyi ilə “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə praktiki imtahan həyata keçirilib.
Adıçəkilən peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan 28 nəfər namizəd praktiki imtahan üçün Toyota Abşeron Mərkəzinə (Group Motors) dəvət olunub.
TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, “Subaru Azərbaycan”ın Mexaniki bölmə meneceri Ziya Nəsirov, sahə üzrə müstəqil ekspert qismində isə Əlzamin İsrafilov iştirak edib.
Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə (daxili yanma mühərriklərinin təmirə hazırlığı modulu üzrə - 1 nəfər, daxili yanma mühərrikləri modulu üzrə - 3 nəfər, çilingər-təmir işləri modulu üzrə - 16 nəfər, avtomobillərin ümumi quruluşu modulu üzrə - 8 nəfər) müvafiq sənədlə təltif olunacaq.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.