Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin təşəbbüsü ilə adıkeçən təsisatın Gədəbəy rayonundakı istehsalat bazasında “Elektrik-qaz qaynaqçısı” və “Təmirçi-çilingər” peşə ixtisasları üzrə şirkətin 16 nəfər əməkdaşı üçün nəzəri və praktiki imtahanlar təşkil edilib.
Agentliyin məsul əməkdaşının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində Türkan Hüseynova, həmçinin sahə üzrə müstəqil ekspert kimi Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Etibar Abbasov və Azər Məmmədov iştirak edib.
Qeyd edilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri və praktiki imtahanda uğurlu nəticə əldə edən namizədlər TKTA tərəfindən “Elektrik-qaz qaynaqçısı” və “Təmirçi-çilingər” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunub.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.