Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında Türkiyə Respublikasının ali təhsil müəssisələrində təhsillə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc olunaraq, vətəndaşlarımız “qiyabi təhsil” adı altında sözügedən ölkənin müxtəlif universitetlərində təhsil almağa təşviq olunur.
Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, Türkiyə Respublikası ali təhsil sistemini tənzimləyən normativ aktlarda, həmçinin tədrisin təşkilində “qiyabi” təhsilalma forması mövcud deyildir. Sözügedən elanlarda adları qeyd edilən ali təhsil müəssisələrində hansısa proqramların bu formada tədrisinin mümkünsüzlüyü nəzərə alınaraq, həmin ölkədə yalnız “əyani” (örgün) formada tədrisin təşkili nəticəsində əldə olunmuş kvalifikasiyaların Azərbaycan Respublikasında tanınması mümkündür və bununla bağlı icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Qeyd etmək istərdik ki, Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq.