Təhsildə Keyfiyyət Təminatı Agentliyində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsi çərçivəsində “Qeyri formal və informal təhsilin tanınması” və “Peşə təhsilində akkreditasiya” üzrə beynəlxalq ekspert Patrik Verkvinin iştirakı ilə üç günlük təlim proqramı təşkil edilib.
“IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilən təlimlərdə Agentliyin müvafiq departament və bölmələrinin əməkdaşları, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarlar iştirak edib. Təlimlər qeyri-formal və informal təhsilin tanınması, daxili və xarici keyfiyyət təminatı, peşə təhsilində akkreditasiya ilə bağlı beynəlxalq təcrübəni əhatə edib.
Qeyd edək ki , sözügedən layihənin əsas məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, qeyri-formal və informal təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.