Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn tədbirdə iştirak edib.
Paneldə Avropa Birliyində qeyri-formal və informal təhsilin tanınması üzrə istifadəyə verilmiş alətlər barədə müzakirə edilib. Tədbir iştirakçıları kvalifikasiyaları tanınan ərizəçilərin bacarıq və səriştələrini özündə əks etdirən “Youthpass” adlı onlayn resursu təqdim edərək, onun qonşu ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparıb.
Onlayn panel müzakirəsində TKTA-nın departament direktoru Nicat Əsədli Azərbaycanda peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması sahəsində görülən işlər barədə auditoriyaya geniş məlumat verib. Cari ilin sonunadək 5 (beş) ixtisas üzrə sertifikasiya prosesinin aparılacağı, 100 sertifikatın təqdim ediləcəyi və müraciətləri onlayn şəkildə qəbul edən elektron sistemin yaradılacağı bildirilib. Yuxarıda qeyd olunan digər alətlərin də gələcəkdə Azərbaycanda tətbiqinin mümkün olacağı qeyd edilib.
Əlavə olaraq, Agentliyin təmsilçisi qeyri-formal və informal təhsilin tanınması prosesini tətbiq etməyi planlaşdıran ölkələrə öz tövsiyələrini də verib. Prosesin səmərəli icrası üçün digər ölkələrdə uğurla tətbiq edilmiş modellərin öyrənilməsi, ən uğurlu təcrübələrin seçilməsi, tətbiq olunacaq ölkənin formatına uyğunlaşdırılması və ilkin olaraq pilot formatda test edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda da qeyri-formal və informal üsullarla əldə edilmiş təhsilin tanınması prosesi əldə olunan nəticələr əsasında daimi olaraq təkmilləşdirilərək əməkbazarının, işəgötürənlərin və vətəndaşların tələbləri nəzərə alınmaqla təşkil olunur.