Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınmasında iştirak edən ekspertləri təlimlərə cəlb edərək, sertifikatla təltif edib.
Belə ki, cari ildə TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirmə və tanınması ilə bağlı ekspert bankına “Dayə”, “Əməliyyatçı mühasib”, “Bitkiçilik mütəxəssisi”, “Bağban-dekorator”, “Heyvandarlıq mütəxəssisi” və “Dərzi” peşə ixtisasları üzrə çoxsaylı ekspertlər müraciət edib.
Müraciətləri müsbət dəyərləndirilən expertlərə TKTA tərəfindən təlimlər keçirilərək peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi və tanınması prosesi haqqında məlumatları özündə əks etdirən təqdimat nümayiş olunub. O cümlədən testologiya elmi əsasında test və praktiki tapşırıqların tərtib edilmə yolları və qiymətləndirmə prosesində tətbiqi barədə ətraflı məlumat verilib.
Vətəndaşların qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında və müvafiq peşə ixtisasları üzrə ekspert fəaliyyətinin göstərilməsində iştirak edən ekspertlər TKTA tərəfindən sertifikatla təltif edilib.
Ekspert kimi müraciət etmək istəyən yeni namizədlərin qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə etməkləri xahiş olunur.