Image alternative text, required
Qeyri-formal və informal təhsilin tanınması nə deməkdir və əhəmiyyəti nədir?
Title

Bildiyiniz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli  Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi mənfur düşməndən azad edərək Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan vətandaşının bundan sonrakı ən ali vəzifəsi  işğaldan azad olunmuş ərazilərin bərpa edilməsində, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasında və bu insanların məşğulluğunun təmin edilməsi prosesində yaxından iştirak etməsidir.

 

Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi də müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərmək məqsədi ilə formal təhsilə çıxış imkanları məhdud olan vətəndaşlar üçün peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınmasını həyata keçirərək  üzərinə düşən öhdəliyi yerinə yetirir.

 

Belə ki, öyrənmə hər zaman sinif otağında baş vermir və təhsil haqqında sənədin əldə olunması ilə yekunlaşmır. Vətəndaşlar özünütəhsil yolu ilə biliklərə yiyələnə (informal təhsil) və yaxud müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçərək (qeyri-formal təhsil) sertifikat əldə edə bilərlər. Lakin bu kateqoriyaya aid vətəndaşlar təhsillərini davam etdirməkdə, tənzimlənən əmək bazarında fəaliyyət göstərməkdə çətinlik çəkirlər.

 

Statistikaya nəzər saldıqda, ölkəmizdə iqtisadi cəhətdən fəal əhalinin yarısından çoxunun heç bir kvalifikasiyaya sahib olmadığının şahidi oluruq. Sözügedən vətəndaşların təhsil haqqında sənəd əldə etmələrinə dəstək olacaq əsas alətlərdən biri isə qeyri-formal və informal təhsilin tanınması olacaqdır. Vətəndaşların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda təhsil sənədinin verilməsinin əsas məqsədi vətəndaşların məşğulluğu, karyera inkişafı və öyrənmək istiqamətində stimullarını gücləndirmək, onlar arasında mobilliyi dəstəkləmək, həm sahibkar, həm də müxtəlif peşə sahibləri üçün imkanlar yaratmaqdan ibarətdir.

 

Beləliklə, peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınmasını, formal təhsilə çıxış imkanları məhdud olan vətəndaşlar üçün təhsil haqqında sənəd əldə edərək bir tərəfdən təhsilini davam etdirmək, digər tərəfdən əmək bazarına çıxış imkanları yaradan bir fəaliyyət istiqaməti kimi qiymətləndirmək məqsədə uyğundur.