Image alternative text, required
Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində tədbirlər davam etdirilir
Title

24-25 noyabr 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Bərdə şəhərində “Aşpaz”, “Bərbər-vizajist-manikürçü” və “Bərbər” peşə ixtisasları üzrə nəzəri və praktiki imtahanlar həyata keçirilib.

Tədbirin ilk günü sözügedən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində 20 nəfərin iştirakı ilə  nəzəri imtahan keçirilib. Növbəti gün isə nəzəri imtahanda uğur qazanmış 10 iştirakçı praktiki imtahanda iştirak etmək üçün Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunublar. 

Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər sadalanan peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaqlar.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov və sahə üzrə müstəqil ekspert kimi Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin təlimçi-metodistləri Nərgiz Əbdülova və Günel Ərəbova iştirak ediblər.

Adıçəkilən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Bildiririk ki, sözügedən imtahanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nı çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.