Image alternative text, required
Qeyri-formal və informal sahə üzrə nəzəri biliklərin qiymətləndirilməsi həyata keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Əməliyyatçı-mühasib” və “Qənnadçı, şirniyyatçı” peşə ixtisasları üzrə növbəti nəzəri imtahan keçirilib. İmtahanda 12 nəfər iştirak edib.

İmtahan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın “1.5. Məskunlaşması nəzərdə tutulan şəxslərin qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş bacarıqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada tanınması sahəsində işlərin görülməsi” bəndinin icrası çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələyə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Müraciətçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.