Image alternative text, required
“Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

13 noyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə praktiki imtahan həyata keçirilib.

Sözügedən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanmış namizədlər praktiki imtahan üçün “Honey Cake Studio” MMC-nin istehsalat bazasına dəvət olunublar. 

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, “Honey Cake Studio” MMC-nin direktoru Gülnar Rəsulova və sahə üzrə müstəqil ekspert kimi “Chocenbouche” şokolad atelyesinin baş texnoloqu Kəminə Əsədova iştirak ediblər.

Praktiki imtahanda uğur qazanan namizədlər “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaqlar.

Qeyd edək ki, sözügedən imtahanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nı çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Adıçəkilən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.