Image alternative text, required
“Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə praktik imtahan həyata keçirilib
Title

18 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə praktiki imtahan keçirilib.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd vətəndaşların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.

“Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahanda iştirak etmək üçün “Honey Cake studio” MMC-nin istehsalat bazasına dəvət olunublar.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi imtahanda Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Honey Cake studio” MMC-nin  direktoru Gülnar Rəsulova, sahə üzrə müstəqil ekspert qismində isə təlimçi ekspert Kəminə Əsədova iştirak edib.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Yekunda, TKTA tərəfindən hər iki mərhələdə uğur qazanan namizədlərə “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə müvafiq sənəd təqdim olunacaq.

Agentlik tərəfindən təqdim edilən sözügedən sənəd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.