Təhsildə Keyfiyyət Təminatı Agentliyi təşəbbüsü “BP Exploration Caspian Sea LTD”nin maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağa Qayıdış” layihəsi çərçivəsində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
“Leya Couture” MMC-nin istehsalat bazasında baş tutan imtahanda əksəriyyəti Ağdam şəhərindən olan ümumilikdə 13 nəfər ərizəçinin praktiki bacarıqları qiymətləndirilib.
Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı departamentinin müdiri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi olaraq “DABLY” MMC-nin təsisçisi və direktoru Leyli Zalova, sahə üzrə müstəqil ekspert qismində isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Anar Fərzəliyev cəlb edilib.
Qeyd edək ki, qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər sözügedən peşə ixtisası üzrə diplomla təltif olunacaqlar.