Bildiyiniz kimi, “publik hüquqi şəxs” Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində yeni bir institutdur. Bu institut dövlət tərəfindən yaradılan qurumlarda effektiv idarəetmə sisteminin qurulmasında, eyni zamanda, dövlətin maliyyə yükünün azalmasında əhəmiyyətli rol oynayır.
Təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin və hədəflərin tələblərindən irəli gələn bir addım kimi dəyərləndirmək olar. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktuallığı ilə gündəmə gələn əsas məsələlərdən biridir. Publik hüquqi şəxs statusunda olan təhsil müəssisələrinin yaradılmasında qarşıya qoyulan məqsəd şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, həmin təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin qurulmasından ibarətdir.
Bununla yanaşı, bu məsələ təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin (ictimaiyyətin, işəgötürənlərin) bu prosesdə iştirakına, şəffaf və səmərəli idarəetmə mexanizmlərin (müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə) təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradır, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət edir.