15 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi (test imtahanı) həyata keçirilib.
Agentliyin inzibati binasında keçirilən test imtahanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib. Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “CN Group” MMC-nin baş direktoru Nicat Cəbiyev, ekspert qismində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Ramil Abdullayev və Tural Əkbərov cəlb edilib.
Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin praktiki qiymətləndirilmə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Belə ki, praktiki imtahanlar cari ilin 22 aprel tarixində “Crocus Trading” MMC-nin təşkilatı dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında həyata keçiriləcəkdir.
Qeyd edək ki, “Plastik boru qaynaqçısı” ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması üçün qeydiyyat davam edir.