Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) peşə təhsili müəssisələrində çalışan bir qrup əməkdaşa ekspert sertifikatlarının təqdim edilməsi təşkil olunub.
Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişməsinin və nüfuzunun artırılmasının vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, peşə təhsil müəssisələri bu gün müasir infrastrukturla təmin edilir, tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılır.
Tədbirdə çıxış edənlər təlimin əhəmiyyətini vurğulayaraq, gələcəkdə peşə təhsili müəssisələrinin akkreditasiyası prosesinə və daxili keyfiyyət təminatı sisteminin qurulmasına töhfə verəcəklərini söyləyiblər.
Qeyd edək ki, cari ilin yanvar ayında başlayan təlimlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan 35 nəfər əməkdaş təlimlərə cəlb olunub. Onlardan 27 nəfəri təlimləri uğurla tamamlayaraq müvafiq sertifikat əldə edib.
Təlimin əsas məqsədi peşə təhsili müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlərin hazırlanması və müvafiq “Ekspert bankı”na daxil edilməsidir. Həmçinin, təlimlər bu sahədə şəffaflığın, obyektivliyin və peşəkarlığın artırılmasına xidmət edir.