Image alternative text, required
Peşə ixtisasları üzrə növbəti qiymətləndirilmə həyata keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü “Di studio” və “She Nail studio” gözəllik mərkəzlərinin  təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

“Di studio” və “She Nail studio” gözəllik mərkəzləri ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahanlar sözügedən mərkəzlərin istehsalat bazalarında təşkil edilib.

 

Bərbər ixtisası üzrə Agentliyin nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasının tərkibində  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində  “Taliboff  Barber Club”un rəhbəri Əjdər Talıbov, sahə üzrə müstəqil ekspert qismində isə Öyrənmə və İnkişaf mütəxəssisi, Şəxsi İnkişaf və Karyera üzrə ekspert Emil Manafov, “Di Studio”nun rəhbəri Dmitriy İskakov, Bakı Dövlət Universitetinin müəllimi Nigar Əhmədli, bərbər-vizajist-manikürçü ixtisası üzrə isə işəgötürən nümayəndəsi qismində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova  sahə üzrə müstəqil ekspert qismində isə İctimai iaşə və xidmət üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin müəllimi Günel Ələkbərova cəlb edilib.

 

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə diplom və sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşələri üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən dövlət nümunəli sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.