Image alternative text, required
“PAŞA Holding” MMC-nin dəstəyi ilə TKTA tərəfindən regionlarda yaşayan qadınların kvalifikasiyalarının qiymətləndirilməsinə start verilib
Title

“PAŞA Holding” MMC-nin dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə “Peşəkar qadınlar” adlı regionlarda yaşayan qadınların kvalifikasiyalarının qiymətləndirilməsi sosial layihəsinə start verilib.

 

Layihə çərçivəsində ilkin olaraq Quba-Xaçmaz bölgəsində yaşayan və formal təhsilə çıxış imkanı olmayan qadınların “Bağban dekorator” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

Qiymətləndirmə prosesinin nəzəri imtahan mərhələsi M.Nəzərov adına Şabran şəhər 4 saylı tam orta məktəbdə baş tutub. “Fresh Group” MMC ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində nəzəri imtahan prosesini uğurla tamamlayan namizədlər isə müəssisənin təsərrüfat sahəsində praktiki imtahana cəlb olunublar.

 

“Bağban dekorator” ixtisası üzrə Agentliyin nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasının tərkibində  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində  “Fresh Group” MMC-nin sahə rəisi Əli Qənbərov, sahə üzrə müstəqil ekspert qismində isə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun doktorantı, “WeGrow” MMC-nin aqronomu Elgün Mustafabəyli iştirak ediblər.

 

Sözügedən layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndiririlməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

 

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Bağban dekorator” peşə ixtisası üzrə diplom və sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddətdir ki, “Bağban dekorator” ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olurlar və Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarında təlim keçiblər. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən dövlət nümunəli sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.