“Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubunun üzvlərinin sertifikasiya imtahanının birinci mərhələsi həyata keçirilib. Bu mərhələdə ustaların nəzəri biliklərinin qiymətləndirilməsi aparılıb və imtahanda 27 nəfər iştirak edib. Nəzəri imtahanda “İnşaat ustası” peşə ixtisasının modulları üzrə test tapşırıqlarının cavablandırılması tələb olunub. İlk mərhələni uğurla tamamlayan ustalar ikinci mərhələdə praktiki imtahana cəlb olunacaqlar. Hər iki mərhələdən uğurla keçən ustalara TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.
Qeyd edək ki, cari ilin əvvəlində “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində Anlaşma Memorandumu imzalanmışdır. Əməkdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması ilə bağlı layihələrin icrası nəzərdə tutulmuşdur.
Layihəsinin icra olunmasında məqsəd inşaat ustalarının peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Norm Ustalar Klubu inşaat sahəsində fəaliyyət göstərən ustaların bir araya toplandığı platformadır. Layihənin əsası 2016-cı ildə “Norm” ASC tərəfindən qoyulub. Hazırda klubun 16,000-dən çox üzvü var. Klubda ustalar üçün müxtəlif layihələr həyata keçirilir.