20 dekabr 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Keyfiyyətli təhsil – Müasir çağırışlar” mövzusunda forum keçirilib. Forumda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin Naxçıvan Dövlət Universitetinin 300 nəfərdən artıq akademik və inzibati heyəti, media nümayəndələri iştirak edib.
Forumun məqsədi regionlarda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönümlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Daha sonra çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına ali təhsil sisteminin müasir çağırışları ilə bağlı bir sıra vacib məqamlar haqqında ətraflı məlumat verib. Eyni zamanda, təlim çərçivəsində TKTA-nın məsul əməkdaşları adıçəkilən mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.
Tədbirin ikinci hissəsində isə Agentliyin əməkdaşları tərəfindən “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” və “Məlumatəsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” mövzularında praktiki seminarlar təşkil edilib.
Tədbirin sonunda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, eyni zamanda Agentliyin təlimlərində iştirak etmiş universitet əməkdaşları sertifikatlarla təltif olunub və xatirə fotosu çəkilib.