Image alternative text, required
Naxçıvan Dövlət Universiteti “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub
Title

 

 

Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi İdarə Heyəti sədrlərinin Naxçıvan Dövlət Universitetində müəllim və tələbələrlə görüşü keçirilib.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında təhsilin keyfiyyətinin inkişafı istiqamətində görülən işləri qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, universitetin əsas prinsipi ali təhsil ocağını dünyanın qabaqcıl təhsil sistemlərinə inteqrasiya edərək Azərbaycan ali təhsil məkanında lider bir quruma çevirmək, tədqiqat potensialını artıraraq universitetin əmək bazarı və sənaye ilə əlaqələrini gücləndirmək eyni zamanda tədqiqatyönümlü tədris mədəniyyəti formalaşdıraraq tələbələr və əməkdaşlar arasında demokratik prinsipləri izləmək və vətəndaş məsuliyyətini inkişaf etdirməkdir. Vurğulanıb ki, NDU özünüqiymətləndirmə və təkmilləşdirmə istiqamətinə sadiq qalaraq çoxşaxəli fəaliyyətini uğurla davam etdirir.

 

Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Fondun əsas missiyası Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi və dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması yolu ilə təhsilin dayanıqlı inkişafına nail olmaqdır. Bu istiqamətdə NDU-nun fəaliyyətini yüksək qiymətləndirən Elnur Nəsibov “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən də bəhs edib. Diqqətə çatdırılıb ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov agentliyin fəaliyyət istiqamətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, agentlik təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması və təlimlərin təşkili, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstəyin təşkil edilməsi və bir çox sahələrdə xidmət göstərir.

 

Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıq müqavilələri imzalanıb.