Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə ( “Mühəndislik”, “Müəllimlik” , “Hüquq” ) daxil olaraq tanış ola bilərlər.
Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
İmtahan 29 aprel 2023-cü il tarixində saat 11:00-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) keçiriləcək. Ərizəçi imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
Qeyd edirik ki, imtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat veriləcəkdir.