Image alternative text, required
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı 6 oktyabr 2024-cü il tarixində keçirilmiş imtahanın nəticəsinə dair məlumat
Title

 “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

 

Bildiririk ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən rəqəmsal formatda keçirilmiş imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçmiş və bunlardan 271 nəfəri imtahanda iştirak etmişdir. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% (148 nəfər) təşkil etmişdir. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik.

(Statistika ilə keçiddən tanış ola bilərsiniz)




 

Bildiririk ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılmışdır.

 

Peşə tanınması imtahanında hüquqşünaslıq” ixtisası üzrə 106 nəfər iştirak etmiş, onlardan yalnız 35 nəfəri uğurlu nəticə əldə etmişdir. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 63% müvafiq imtahanda uğursuz olmuşdur. Rusiya Federasiyası üzrə ən çox imtinanı Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti, Umumrusiya Dövlət Ədliyyə Universiteti, Saratov Dövlət Hüquq Akademiyası, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, T. Şevçenko adına Kiyev Milli Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti və Milli Universiteti “Odessa Hüquq Akademiyası” almışdır.

 

Cari ilin may ayında keçirilmiş imtahanla müqayisə etdikdə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin uğursuzluq göstəricisi 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə peşə imtahanı üzrə uğursuzluq göstəricisi isə 63% təşkil etmişdir.

 

Bunlarla yanaşı, ibtiadi sinif müəllimliyi” ixtisası üzrə Rusiya Federasiyası R.Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti, Omsk Humanitar Akademiyası, Moskva Şəhər Pedaqoji Universiteti (2 nəfər) və Ukrayna Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetindən məzun olmuş və tanınma üçün müraciət etmiş 5 nəfərdən yalnız 1 nəfər 30 maksimum baldan 16 bal toplayaraq imtahanda uğurlu olmuşdur.



Bildiririk ki, “gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə Rusiya Federasiyası Voljsk Dövlət Su Nəqliyyatı Universiteti (8 nəfər), Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti və Ukrayna Odessa Milli Dənizçilik Universitetindən məzun olmuş və tanınma üçün müraciət etmiş 10 nəfərdən hər biri keçid balını toplayaraq imtahanda uğur qazanmışdır.

 

Yekun olaraq qeyd etmək istərdik ki, “yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Ukrayna Milli Mülki Müdafiə Universitetindən məzun olmuş bir vətəndaşımız 65 imtahan iştirakçısı arasında 30 maksimum balı toplayaraq ən yüksək nəticə göstərmişdir.