Image alternative text, required
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib
Title

4 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, dövlət və hökumət nümayəndələri, nazirliyin struktur bölmələrinin rəhbərləri, bir sıra universitetin rəhbər heyəti, regional təhsil idarələrinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də Böyük Britaniya və Finlandiyadan olan məruzəçilər və yerli mütəxəssislər iştirak ediblər.

 

Konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.

 

Tədbirdə əvvəlcə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qonaqları salamlayıb və  1-5 yaşlı övladlarımızın cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında və cəmiyyətə əlavə dəyər qatmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. O, 2023-2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin keçirildiyini bildirib və daxili keyfiyyətin təmin olunması məqsədi ilə müəssisə rəhbərləri ilə təşkil edilmiş mentorluq proqramı barədə ətraflı məlumat verib.

 

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, çıxışında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunmuş məktəbəqədər təhsilin nəticəyönümlü və ölçüləbilən hədəfləri barədə danışıb. Əhatəliliyin təmin olunması məqsədi ilə son illər həyata keçirilən məktəbəhazırlıq qruplarının əhəmiyyətini vurğulayıb və 1 illik proqramda iştirakın məktəbə daha hazırlıqlı başlamağa əhəmiyyətli şəkildə müsbət təsir etdiyini qeyd edib. Həmçinin, nazir erkən təhsil pilləsinin insan həyatına əsaslı təsiri və məktəbəqədər təhsilin inkişaf dairəsinin genişləndirilməsi istiqamətində yeni modellər və gələcək planlara dair məlumat verib.

Elm və təhsil naziri çıxışının sonunda məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatını artırmaq üçün sertifikasiya prosesinin tətbiq ediləcəyini istisna etməyib.

Konfrans “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyunəsaslı öyrənmə” və “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” panellərindən ibarət olub.  Panellərdə Kindred Erkən İnkişaf Fondunun direktoru, Ofsted-Təhsil, uşaqlara xidmət və bacarıqlar üzrə standartlar ofisinin İdarə Heyətinin üzvü, Böyük Britaniyanın Təhsil departamentinin məsləhətçisi Felesiti Gilespi, "Təbiətdə öyrənirəm”in rəhbəri, təbiət pedaqogikası üzrə təlimçi Qaye Amus, Vaşinqton Universitetinin asistent professoru Aytəkin Hüseynli, Cənubi Florida Universitetinin təhsilin idarə olunması üzrə doktorantı Lalə Orucova, Bakı şəhəri 23 saylı körpələr evi – uşaq bağçasının tərbiyəçi – müəllimi Nərmin Məhərrəmova təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürməklə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.