Image alternative text, required
“Kompüter operatoru”, ”Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

19 noyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Kompüter operatoru”, ”Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq və təcrübələrin qiymətləndirilməsi və tanınması həyata keçirilib.

Praktiki imtahanlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM) təşkil edilib. TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov və Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM-in direktoru Pərviz Həmzəyev komissiya üzvü kimi,  sahə üzrə müstəqil ekspert qismində isə sözügedən Təhsil Mərkəzinin təlimçi-metodistləri Samirə Əliyeva və Fatma Babayeva iştirak ediblər. İmtahanlarda uğurlu nəticə göstərən 12 namizədə TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.

Qeyd edək ki, sözügedən imtahanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nı çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Bildiririk ki, bu fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir.

TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.