Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Norm” ASC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Norm Ustalar Klubunun üzvü olan ustalar üçün “İnşaat ustası” ixtisası üzrə praktiki imtahan həyata keçirilmişdir.
“İnşaat ustası” peşəsi üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün Texnologiya və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat bazasına dəvət olunublar.
Praktik imtahanda 21 nəfər ərizəçinin bacarıqları qiymətləndirilib. İmtahanlar 3 gün davam edib və ərizəçilərin “Binanın dəmir-beton karkasının quraşdırılması”, “Divar hörgüsü və dam örtüyü”, “Tamamlama işləri: suvaq, qapı - pəncərə, pilləkən, sanitar qovşaqları, boya işləri, kanalizasiya, su işləri” və “Abadlıq işləri və tikintinin təhvil verilməsi” modulları üzrə bacarıq, səriştə və təcrübələri dəyərləndirilib.
TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində Norm Ustalar Klubu layihə rəhbəri Eltun Rzabəyli, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Azad Osmanov və Müşviq Quliyev iştirak ediblər. Ekspertlər tərəfindən verilən tapşırıqları nəzərdə tutulmuş vaxt çərçivəsində icra edən ərizəçilərin müvafiq meyarlar səriştə və bacarıqları üzrə həm fərdi qaydada, həm də komanda işi baxımından qiymətləndirilib. Yekunda praktiki imtahanda məqbul nəticə göstərən ərizəçilər Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli, 279 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalar çərçivəsində peşə ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən sənəd əldə edəcəklər.
Qeyd edək ki, layihənin məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.