Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Norm” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində TKTA tərəfindən həyata keçirilən “İnşaat ustası” peşə ixtisasının qiymətləndirilməsi imtahanında uğurlu nəticə göstərən Norm Ustalar Klubunun üzvləri üçün təltifetmə tədbiri təşkil edilib.
Tədbirdə, “Norm” ASC-nin icraçı direktoru Henning Sasse layihənin uğurlu təşkili üçün TKTA-ya təşəkkürünü bildirib, həmçinin Norm Ustalar Klubunun üzvlərinin peşəkar inkişafının şirkətin prioriteti olduğunu və bu cür layihələrin Norm-un sosial məsuliyyət strategiyasının mühüm hissəsini təşkil ediyini qeyd edib.
Daha sonra TKTA İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək ölkəmizdə qeyri-formal və informal təhsilin tanınmasının əmək bazarında ixtisaslı kadrların sayına müsbət təsirindən bəhs edib. O, layihənin inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının tanınması baxımından mühüm əhəmiyyətini vurğulayaraq gələcəkdə əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsinin zəruri olduğunu nəzərə çatdırıb.
Bildirmək istərdik ki, TKTA ilə “Norm” ASC arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlıq çərçivəsində Norm Ustalar Klubunun 30 nəfər üzvünün “İnşaat ustası” istiqaməti üzrə peşə ixtisasının tanınması ilə bağlı Anlaşma Memorandomu imzalanıb və yekunda layihə üzrə 21 nəfər müraciətçi peşə ixtisasını təsdiq edən sənəd əldə edib.
Sözügedən layihənin icra olunmasında məqsəd inşaat ustalarının peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Qayda” əsasında tənzimlənir və əldə olunan sənəd müraciətçiyə əmək fəaliyyətinə başlamaq hüququ verir.