Bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir.
Məlumat üçün bildiririk ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:
Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı”(https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və “Ən çox imtina alan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib.
Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya info@tkta.edu.az elektron poçt ünvanına yaza bilərlər.
Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.