Image alternative text, required
Əməliyyatçı mühasiblərin praktiki bacarıqları qiymətləndirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan  Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib.

 

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasına  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin Müşaviri Fuad Mehdizadə və “Accounting and Service Group” MMC-nin mühasibi Məhəmməd Bağırzadə üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə SOCAR, Azəriqaz İB-in aparıcı mühasibi cəlb edilib.  Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Əməliyyatçı mühasib” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.